Açaram Sandığı, Tökərəm Pambığı
və ya Gen MMC sloqanını relallaşdırdı. Tikdi və iz qoydu
Azərbaycanın digər qanunları kimi bir dənə də Reklam qanunu var. Digər qanunlar kimi bu qanun da qəliz cümlələrlə doludur. Amma nəticə etibarilə nəyin qadağan olduğunu və nəyə icazə verildiyini başa düşmək olar.
Qanun olmağına var. Amma bu qanuna əməl edən qurumlar nə vəziyyətdədir? Müşahidələrim Media qurumlarından qanuna daha çox ANS-in əməl etdiyini göstərir. Digər qurumlarda isə sizdən və onlardan asılıdır. Daha doğrusu əksəriyyət “siz necə desəniz eləcə də olacaq” sözü ilə işləyir. İndiyə qədər bu işləmə prinsiplərini üzə çıxaran yox idi. Amma GEN MMC-nin rəhbəri Elbrus Əliyev hər şeyi də olmasa bəzi şeyləri dedi. Kimə nə qədər məbləğ verdiyini, kiminlə hansı şərtlərdə işlədiyini. Sağ olsun Azadlıq radiosu bunun hamısını bir-bir yazdı.
Mən sadəcə bəzi yerlərə şərhlər edəcəyəm:
E.Əliyev bildirib ki, şirkət 2007-ci ildə «Speys» telekanalında təşkil olunmuş «Azəristar» yarışmasında təşkilati dəstək kimi iştirak edib. Heç bir müqavilə bağlanmadan verilişlərdə «GEN» MMC reklam olunub və buna görə E.Əliyev «Azəristar» yarışmasının təşkilatçısı Kamal Ceng İçtenə 30 min dollar verib:
Azəristar növbəti oxuyub çalmaq yarışması, Space televiziyasının reytinqlərini qaldıracağını ümid etdiyi verilişlərdən biri. 30.000 ABŞ dolları nə üçün? Kimsə toy müğənnisi olacaq ona görə? Kimdir Kamal Ceng İçten, verilişə əvvəl sponsor kimi cəlb edilib sonra, təşkilatçılıq edənlərdənmi bu sahə daha gəlirlidir deyə? Və nəyə görə ödəniş birbaşa televiziyaya deyil, təşkilatçıya edilir?
«Bir gün Murad Dadaşovun qardaşı Fərid Dadaşov yanıma gəldi, danışdı ki, belə bir veriliş var, reklamlarınızı yerləşdirə bilərsiniz. Şifahi razılaşdıq. Mən Fəridə ayrı-ayrı tarixlərdə üst-üstə 30 min dollar vermişəm. Fərid də həmin pulları qardaşı Murad Dadaşova çatdırıb. Həmin pulların müqabilində şirkət bir ay müddətində «Maşın» realiti-şousunda reklam olundu».
Maşın Realiti Şou. Daha doğrusu Şöhrətpərəstlik Yarmarkası (Vanity Fair). Sponsorların əlindən nəfəs almaq olmur, ya da arada kimsə kiməsə söz atanda nəfəs almaq olur. Murad Dadaşov isə “Yaxşı yaşamağın sirləri və ya daha çox sponsoru necə cəlb etməli” haqqında kitab yaza bilər. Nağd yolla ödəniş. Bəli bu Murad Dadaşova xasdır. Hər şeyi yerində və nağd həll etmək. Zəng və ya ziyarət birbaşa top menecmentə, gözəl inandırma qabiliyyəti və nağd pul. Halaldır. Yenə də eyni sual. Nəyə görə ödəniş televiziyaya deyil, aparıcı vı ya təşkilatçıya edilir?
«Veriliş «Lider TV»də yayımlanarkən verilişin Səadət adlı aparıcısına şirkətimin reklamı üçün müqaviləsiz 51 min dollar vermişəm. Səadət xanım öz verilişində 1 il müddətində mənim şirkətimi reklam etməli idi. Təqribən 6-7 ay veriliş «Lider TV»də getdi, sonra Səadət xanım «Az.TV»yə keçdi, verilişin nümayişi də həmin kanalda davam etdi. Beləliklə də şirkətim bir neçə ay da «Az.TV»də müqaviləsiz-filansız reklam olundu».
Bu abzasa necə də “şərhsiz” sözlərini yazmaq keçir ürəyimdən. Lider ikinci AzTv və ya AzTV 2 deyilə bilər bu telekanala. Reytinqləri də AzTV dən heç də geri qalmır. Təsəvvür edin: veriliş hazırlanır, sponsor tapılır, verilişin yayımlanacağı kanal artıq məlumdur. Pul da alınır. Lakin birdən veriliş bağlanır. Nə var, nə var aparıcı başqa telekanla keçir və verilişi də özü ilə aparır. Bu hələ rəsmi tərəfdir, qeyri rəsmini ancaq aparıcı və bir neçə nəfər bilir. Və yenə də Nəyə görə ödəniş televiziyaya deyil, aparıcı vı ya təşkilatçıya edilir?
«Əzmi Bostan Azərbaycanda reklam kampaniyalarının təşkili ilə məşğul olurdu. «Eksklüziv» adlı reklam şirkəti də var. O, mənə təklif etdi ki, sənin şirkətinin reklamını bütün telekanallarda qura bilərəm. Əvəzində sən mənə ikiotaqlı ev verərsən. Mən də razılaşdım. Qiyməti 200 min dollara mənzil verməli idim ona. Əvvəlcədən 20 min dollar ödədi. Yerdə qalan 180 min dolları isə barterlə ödəyəcəkdi. Yəni, mənim reklamlarımı təşkil etməklə. O, həqiqətən də bütün telekanallarda reklamı təşkil etdi. Ancaq sonradan eşitdim ki, Əzmi Bostan reklamlarımı verdiyi telekanallarla heç bir müqavilə imzalamayıb, yəni, qanunsuz verib mənim reklamlarımı. Bundan başqa, Əzmi Bostanın Həsən adlı türkiyəli müavininə də 9 min dollar vermişəm».
Birinci cümlə çox pafosludur. Ən azından ona görə ki, Əzmi Bostan sadəcə növbəti reklam agentliyinin rəhbəridir. Mister Barter ləqəbi ilə tanınır. Burada onun fəaliyyəti açıq-aşkar qeyd edilib. İnanmıram ki, onu daha yaxşı daha kimsə göstərə bilərdi. Doğrudur adı keçən mister Əlinin papağını Vəlinin, Vəlinin papağını Əlinin başına qoymaqla biznes edir və bu zaman qanunlara əməl etməyi heç də lazım bilmir.
Nəticədə qanunlara kim əməl edir ki, deyə çoxları fikirləşəcək. Sadəcə olaraq kimsə gedir, dalınca da başqalarını aparmaq istəyir. Təəssüf ki, bu fikir də doğru olacaq.
Amma bütün bu məsələdə diqqət çəkən bir məsələ var. Şirkət sponsorluq edir və telekanalın Marketin və ya Reklam şöbəsi ilə heç tanış da olmur, onlardan xəbəri də yoxdur. Ancaq aparıcı vı ya hansısa təşkilatçı ilə görüşür. Burada sponsorluq edıcık şirkət qədər televiizya da qeyri peşəkar davranır.
Amma əsas məsuliyyəti qarmağa düşən daşıyır.
Nə yaxşı ki, arada belə silkələmələr olur. Heç olmazsa kimlərinsə əl-ayağa düşməyə səbəbi yaranır.
Şərhlər »
Şərh yazın
-
Arxivlər
- Dekabr 2009 (1)
- Oktyabr 2009 (2)
- Sentyabr 2009 (5)
- Avqust 2009 (3)
- May 2009 (2)
- Fevral 2009 (1)
- Oktyabr 2008 (2)
- İyun 2008 (2)
-
Kateqoriyalar
-
RSS
Entries RSS
RSS şərhlər
Sadəcə mükəmməl yazı! Söz tapa bilmirəm. Bir sözlə, Azərbaycanda reklam biznesini söküb-yığdız, Nalab!
Təşəkkür edirəm, sadəcə reallıqları yazmışam.