NA's Lab

İctimaiyyətlə Əlaqəsi olan daha bir Milli bloq

Bütün ili EUROVİSİON

və ya təkrar biliyin anasıdır

İctimai televiziyadan yenə də Eurovision 2009 yayımlanırdı. Neçənci dəfəsə. Robinzon demiş “опять про море”.

İndi uzaq görünən 90-cı illər yadıma düşdü. Onda biz bütün ölkəcə hələ Eurovision xəstəliyinə tutulmamış, milli TV-də Oqtay Əliyev, Murad Dadaşov kimi şou biznes, səhnə mədəniyyəti və preformans qanunlarını diqtə edən rəy liderləri hələ bu müsabiqədən o qədər də xəbərdar deyildilər və ağızdolusu danışmırdılar. Yəqin ona görə ki, hələ Qafqazdakı qonşularımızın heç biri bu müsabiqədə iştirak etmirdi və biz də  “qonşudan qalma geri” pirnispi ilə hərəkət etmirdik. Çoxlarımızın heç belə bir müsabiqənin mövcudluğundan belə xəbəri yox idi.

Eurovisiona gəldikdə isə onu ancaq Rusiyanın ОРТ-si (İctimai televiziya) və Türkiyənin TRT1-dən izləmək olurdu. O da ki, gecənin o saatında bir gözü açıq, bir gözü bağlı yarı baxmaq idi. Yuxu bəzi ifaçıları görməyə imkan vermirdi, kim-kimə neçə xal göndərir, onu da görmək olmurdu. O vaxt həmişə öz özümə sual verirdim:

  • axı niyə bu kanallardan heç biri müsabiqəni təkrar vermir?

İnternet də ki, bu qədər yayılmamışdı hələ. Növbəti gün radionu açıb oradan bəzi xəbərləri eşitmək ümidilə yaşayırdım.

İllər keçdi, hətta əsr də dəyişdi. Qafqazdakı qonşularımız Eurovisiona getdilər və biz də özümüzə sual verdik: “Axı o əjdahadan bizdə niyə yoxdu?”  Bu suala cavab verib biz də müsabiqədə iştirak üçün hazırlaşdıq və iştirak etdik. Birinci dəfədən ilk onluğa düşdük. Hətta Eurovisionu artıq ana dilimizdə milli televiziyadan izləməyə başladıq. Azarkeşlik etdik, dəqiqələri saydıq, səs göndərdik, qardaş ölkədən səs umduq. Müəyyən qədər qürurlandıq da. Müsabiqəni gecə yuxuya gedib izləyə bilməsək də, səhər təkrarına baxdıq. Öz aramızdır, elə o baxan da baxırıq. Bəlkə də biz müsabiqədə iştirak edən yeganə ölkəyik ki, növbəti ilin Eurovisionuna qədər bütün ili Eurovisiona baxırıq. Sual çıxır. Axı niyə? Cavab bəlkə təkrar biliyin anasıdır deyə, bəlkə səhvərimizi görək deyə, bəlkə bizim gözümüz önündə tarix yazılıb o tarixi unutmayaq deyə, bəlkə unutqan xalqıq bu çox önəmli hadisədir onun unudulmasını İctimai TV istəmir deyə.

Ya, ya da ki, İctimai televiziya efirində olan boş vaxtını heç nə ilə doldura bilmir. Bax bu əsil səbəbdir. Bu inandırıcı səbəbdir.

Sonunda hər bir TV öz malını satır. Düzdür ,İctimai televiziyaya dövlət büdcəsindən pul ayrılır. Amma yenə də onun da bir sifəti olmaldır. Axı əvvəl-axır uşaqlar da böyüyüb valideynlərinin əlinə baxmır. Axı köhnə malı müştəriyə nə qədər sırımaq olar. Axı insaf da yaxşı şeydir.

Sentyabr 3, 2009 Posted by | KİV | , , , | 4 Şərh